Sərbəst və yunan-Roma güləşi üzrə 1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında “Olimpiyaçılar aramızda” açıq Respublika turniri keçiriləcək.
Turnirin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
FİLA-nın qaydalarına əsasən keçirilən turnir iki mərhələdən ibarətdir. İlk mərhələdə 02-19 fevral 2013-cü il tarixlər arasında AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçiriləcək.
2-3 fevral – 5 saylı nümayəndəlik, Göyçay
5-8 fevral – 1 saylı nümayəndəlik, Bakı
6-7 fevral – 2 saylı nümayəndəlik, Sumqayıt
9-10 fevral – 7 saylı nümayəndəlik, Gəncə
10-12 fevral – 4 saylı nümayəndəlik, Lənkəran
15-16 fevral – 6 saylı nümayəndəlik, Yevlax
17-18 fevral – 8 saylı nümayəndəlik, Naxçıvan
18-19 fevral – 3 saylı nümayəndəlik, Şamaxı
İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 5-6 mart 2013-cü il tarixdə açıq Respublika turnirinin final yarışları baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.
|