Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” turniri keçirilib.
Yarışda ölkəmizi hər 3 güləş növü üzrə millimiz təmsil edib.
Güləşçilərimiz ümumilikdə 22 (6 qızıl, 7 gümüş, 9 bürünc) medal əldə ediblər.
Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzovla Vahid Məmmədovun rəhbərliyi altında 8 medal qazanıblar. Ruslan Əlizadə (48 kq), Hüseyn Hüseynov (55 kq) və İsa Yusibov (65 kq) qızıl, Məhəmmədəli Əlizadə (51 kq), Məhəmməd Abbaszadə (80 kq), Səid Paşayev (92 kq) və İsmayıl Kərimov (110 kq) gümüş, Hüseyn Məmmədtağızadə (110 kq) isə bürünc medala yiyələniblər.
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında 10 medal qazanıblar. Turan Daşdəmirov (51 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq) birinci, Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Emil Abdullayev (65 kq) ikinci, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Səyyad Nağızadə (60 kq) və İsbəndiyar İmanov (65 kq) isə üçüncü yeri tutub.
Qadın güləşçilərimiz böyük məşqçi Rövşən Umudovla məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 4 medal qazanıblar. Nəzrin Əhmədli (43 kq), Esra Məmmədli (49 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (73 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında ikinci olub.
Qeyd edək ki, ənənəvi turnirdə beynəlxalq dərəcəli hakim Kamran Baxışov ədaləti qoruyub.
|