Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
Bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulublar.
Günün ilk görüşündə Xasay Həsənli (77 kiloqram) serbiyalı rəqibi Boqdan Stoyiçiçi qısa müddətə böyük hesabla məğlub edib - 9:0
Səid Axundzadə (82 kiloqram) gərgin keçən qarşılaşmada Rusiya təmsiçisi Kirill Poturayevə qalib gələrək (7:4) sevinən tərəf olub.
Ziya Babaşov (63 kiloqram) dörddəbir finalda ermənistanlı Arman Vardanyanı 5:1 hesabı ilə üstələyib.
Elvin İbadov (55 kiloqram) iranlı rəqibi Mohammadhadi Şabaniabnavi üzərində texniki qələbə qazanıb.
130 kiloqramda mübarizə aparan həmyerlimiz Sərxan Məmmədov rusiyalı idmançı Osman Şadova 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
|