Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirirlər.
Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə yığma komandalar məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirirlər.
Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıq keçəcəklər. Təlim-məşq toplanışına həmçinin, Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də qatılıblar.
Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və ayın 30-dək davam edəcək.
Yunan-Roma güləşi yığmamızın təlim-məşq toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edirlər. Kuba yığmasının heyətində ikiqat Olimpiya, beşqat dünya və səkkizqat Pan-Amerika çempionu Mijain Lopez (130 kq), dünya və üçqat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıblar.
Sərbəst güləşçilərimiz də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirirlər.
Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 13 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-dən 21-dək baş tutacaq.
|