20-27 noyabr tarixlərində Qazax rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" devizi altında mini-futbol üzrə açıq Qazax rayon turniri keçiriləcək. Turnir Qazax Olimpiya İdman Kompleksində baş tutacaq.
Turnirin əsas təşkilatçısı "İnter Sekyuriti" MMC-dir. Belə ki, Milli qəhrəman Mübariz İbrahimov hərbi xidməti başa vurduqdan sonra "İnter Sekyuriti" MMC-yə işə qəbul olmuş və 2009-cu ilədək həmin şirkətin nümunəvi əməkdaşı olmuşdur. Şirkət rəhbərliyi hər il Mübariz İbrahimovun xatirəsinin yad edilməsi üçün bir sıra tədbirlər təşkil edir.
Turnirin əsas məqsədi gənclərə sağlam həyat tərzinin təbliği, asudə vaxtların səmərəli istifadə edilməsinin təşkili, milli-mənəvi dəyərlərimizin aşılanması, onların vətənpərvər ruhda böyümələrinə dəstək olmaq və rayonda mini futbol idman növünün inkişaf etməsinə nail olmaqdır.
Turnirin digər təşkilatçıları "Qazax Olimpik" MMC, Qazax rayon Gənclər və İdman İdarəsi və "Gəncliyin təşəbbüsü" MİB-dir. Turnirdə 18 komanda iştirak edir. Yekunda fərqlənən komandalara kubok, medal, diplom, müxtəlif hədiyyələr və pul mükafatı veriləcəkdir.
|