Oktyabrın 30-da gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. İdmançıları salamlayan nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün onları təbrik edib və yeni uğurlar arzulayıb. Daha sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
MMA, kəmər güləşi, sambo, çimərlik voleybolu, tamblinq, aerobika gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, uşu, parataekvondo, para-atıcılıq, paracüdo, sumo, şahmat, kapoeyra, taekvondo, muaytay, karate növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
|