Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK və "Procter&Gamble" (P&G) şirkəti arasında qarşılıqlı əməkdaşlıqla bağlı görüş keçirilib.
Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, P&G-nin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru İrakli Qabriadze, şirkətin əməkdaşı Fəridə Babayeva iştirak ediblər.
Ç. Hüseynzadə qonaqları salamlayaraq, qurumlar arasındakı əməkdaşlığın qısa tarixinə nəzər salıb. O, bildirib ki, "Procter&Gamble" uzun illər Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı olduğu kimi, Milli Olimpiya Komitəsi ilə də əməkdaşlıq edib: “MOK sponsorlarına və tərəfdaşlarına böyük hörmətlə yanaşır. "Procter&Gamble" (P&G) şirkəti ilə əməkdaşlıq səmərəli olacaq. Bu, Olimpiya komandamızın “Qanqvon-2024”, Gənclərin Olimpiya Oyunları və “Paris-2024” Yay Olimpiya Oyunları kimi əhəmiyyətli və böyük miqyaslı yarışlarda iştirakı öncəsi Olimpiya sisteminin davamlı inkişafının göstəricisidir”.
Əməkdaşlığın qarşılıqlı faydasından söz açan İ. Qabriadze “Procter & Gamble” şirkətinin idmana xüsusi dəyər verdiyini qeyd edib. O bildirib ki, Paris Olimpiadasına lisenziya qazanmış və müxtəlif idman növlərini təmsil edən idmançılara şirkət tərəfindən xüsusi təqaüd ayrılacaq. O, əməkdaşlıq dövründə Milli Olimpiya Komitəsinin təşkil etdiyi tədbirlərdə tərəfdaşlıq imkanlarını əsirgəməyəcəklərini vurğulayıb.
MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva xüsusi təqdimatla çıxış edərək, tərəflər arasındakı əməkdaşlığın perspektivlərindən danışıb.
Görüşdə Milli Olimpiya Komitəsi və “Procter&Gamble” şirkəti arasında 2024-cü il ərzində əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.
Tərəfdaşlıq müqaviləsi oktyabrın 12-də imzalanacaq.
|