Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının 13-cü günündə tamaşaçılar və iştirakçılar daha bir gözlənilməz nəticəyə şahid olublar.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, kişilər arasında uzanaraq 300 metr məsafəyə atəşaçma yarışında qızıl medal qazanan Raymond Debeveç 60 yaşında mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu təkrarlayıb.
Bu, qeyd edilən növdə belə yaşlı idmançının ilk nəticəsidir. Daha əvvəl bu növdə rekord vurmuş ən yaşlı atletin 38 yaşı olub (isveçli Karl Olsson).
Yarışda ikinci yeri 599 xal toplayan finlandiyalı atıcı Aleksi Leppa tutub. Bürünc medalı ABŞ-ı təmsil edən Timoti Şerri bayram edib (599 xal).
Bu növdə kişilərin komanda yarışına gəlincə, Norveç birinci, Polşa ikinci, İsveçrə üçüncü olub.
Qadınların yarışında Polşa təmsilçisi Karolina Romançik 593 xalla qızıl medala yiyələnib. İkinci yeri 592 xalla İsveçrədən Silviya Quiqnard Şnider tutub. Fransa atıcısı Aqat Sesil Kamille Girard isə 592 xalla bürünc medalın sevincini yaşayıb.
Bu növdə qadınların komanda yarışında İsveçrə birinci, Norveç ikinci, Almaniya üçüncü olub.
|