Bakının “Zirə” futbol klubunun hücumçusu Ruslan Qurbanov komandanın heyətində birinci qolunu vurub.
29 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə səfər oyununda fərqlənib. Penaltini dəqiq yerinə yetirən R.Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Oyunçu “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.
R.Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” Azərbaycan Premyer Liqasında 70-ci səfər qoluna imza atıb. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib. Komanda 2018-2019-cu il mövsümündə 17, 2015-2016-cı il və 2017-2018-ci il mövsümlərində 15, 2016-2017-ci il mövsümündə 11, ötən çempionatda 11 dəfə rəqib meydanında qol vurubsa, cari turnirdə artıq 3 dəfə fərqlənib.
Qeyd edək ki, “Zirə” son 4 çempionat matçını qolsuz tərk etmir.
|