Riqada qadın şahmatçılar arasında Avropa çempionatının altıncı turu başa çatıb.
Altı turdan sonra rusiyalı Aleksandra Qoryaçkina və gürcü Nana Dzaqnidze müvafiq olaraq birinci və ikinci yerləri bölüşürlər. Onların hər biri 5 xal toplayıb. On dörd iştirakçı onlardan yarım xal geri qalır.
On altı şahmatçı, o cümlədən Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva 4 xal toplayıb. Qrossmeysterlər Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və beynəlxalq dərəcəli usta Gülnar Məmmədova 3,5 xal toplayıblar. Günay Məmmədzadənin aktivində 3 xal, Türkan Məmmədyarova, Nərmin Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayevanın hər birinin aktivində 2,5 xal var.
Yeddinci turdan sonra iştirakçılara istirahət günü veriləcək.
Xatırladaq ki, bu çempionatda 33 ölkədən 146 şahmatçı, o cümlədən FIDE-nin beynəlxalq titullarına sahib olan 125 nəfər iştirak edir.
Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.
|