"Komandam hazırdır. Biz üç həftədir bir yerdəyik və İspaniya millisinə qarşı necə oynamalı olduğumuzu planlaşdırırıq. Ancaq yaxşı bilirik ki, İspaniya hazırda dünya reytinqində birinci, biz isə 15-ci pillədəyik. Bu komandalar arasında fərqin olduğunu göstərir".
Bu sözləri Hollandiya yığmasının baş məşqçisi Lui van Qal FİFA-nın rəsmi saytına açıqlamasında deyib.
"DÇ-2014"də İspaniya millisi ilə qarşılaşacaq "narıncılar"ın çalışdırıcısı bu oyunda komandasının qələbə qazanmaq şansının olduğunu bildirib: "Düşünürəm ki, bizi məğlub etmək çətindir. Bunu futbolçularıma da çatdırmaq istəyirəm. Aydın məsələdir ki, rəqib öz oyununu göstərməyə çalışdığı vaxtda bizim də qələbə qazanmaq şansımız olacaq. 4 il öncə dünya çempionatının finalını xatırlayırıq. Həmin oyunda Aryen Robben hesabı açsaydı, qalib biz olardıq".
Qeyd edək ki, İspaniya - Hollandiya oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
|