Çunqvon Ço: Bakı taekvondo ailəsi üçün doğma şəhərə çevrilib
Taekvondo ailəsinin üzvləri Azərbaycanın bizim üçün mötəbər yer olduğunu bilirlər. Azərbaycan 2006-cı ildən mötəbər yarışlara ev sahibliyi edir. Tədricən Bakı hamımız üçün doğma şəhərə çevrilib. Dünya çempionatı 50 illik yubileyimizə təsadüf edir. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir.

Bu sözləri Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço mayın 27-də Bakıda təşkil olunan mətbuat konfransında qeyd edib.

Çunqvon Ço Azərbaycanda taekvondonun inkişafı üçün hər cür şəraitin yaradıldığını xüsusi vurğulayaraq deyib: “Bakıya ilk dəfə 2004-cü ildə gəlmişəm. Sonra da bir neçə dəfə burada olduğumdan deyə bilərəm ki, ölkədə hər şey sürətlə dəyişir, inkişaf edir. Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir. Burada olduğum müddətdə Azərbaycan Prezident İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Fəxrlə deyə bilərəm ki, ölkədə taekvondonun inkişafına hərtərəfli dəstək göstərilir”.

Dünya çempionatında Rusiya və Belarus idmançılarının neytral bayraq altında çıxış edəcəklərini deyən federasiya prezidenti vurğulayıb ki, Beynəlxalq Olimpiya Komitəsi onların çıxışına qadağa qoyub. İlin əvvəlində isə neytral bayraq altında mübarizə aparmalarına və yarışlara qatılmalarına icazə verilib. Qadağa aradan qaldırıldıqdan sonra ilk dəfə taekvondo yarışlarına qatılacaqlar. Bakıda Rusiya yığması 14, Belarus 9 idmançı ilə təmsil olunacaq.

Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib ki, Bakının belə bir mötəbər yarışa ev sahibliyi etməsindən qürur duyuruq: “İnanıram ki, yarış mübarizə aparacaq komandalar üçün çox maraqlı olacaq. Azərbaycan üçün Dünya Taekvondo Federasiyasının 50 illik yubileyini keçirmək böyük şərəfdir. Yarışın Təşkilat Komitəsi böyük işlər görüb. Əminəm ki, bunun nəticəsi olaraq çox maraqlı yarışın şahidi olacağıq”.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov ölkəmizdə idmana və taekvondoya göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Onun sözlərinə görə, dövlət qayğısı olmadan bu yarışın təşkili mümkün olmazdı: “Yarış ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Sabah Müstəqillik Günümüzdür. Onun üçün bunlar bizim üçün böyük əhəmiyyət kəsb edir. Yarışda əsas hədəfimiz yüksək səviyyədə mübarizə aparmaqdır”.

Millimizin taekvondoçusu Fəridə Əzizova əsas hədəfinin qızıl medal olduğunu deyib. Dünya çempionatının bürünc mükafatçısının sözlərinə görə, çempion olmaqla doğma divarlar arasında xalqımıza sevinc yaşatmaq istəyir.

Yığmamızın digər üzvü Əliəskər Əliyev isə dünya çempionatının Bakıda keçirilməsini özü üçün motivasiya hesab edir. O bildirib ki, komanda kimi doğma azarkeşlər önündə dayanq üzərinə 1:0 hesabı ilə öndə çıxacaqlar və medallarla onlara sevinc bəxş edəcəklər”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-da start götürüb, iyunun 4-də başa çatacaq. Mundialda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda qüvvəsini sınayacaq. “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq dünya çempionatında, ümumilikdə, 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti də baş tutacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Xəbər 110 dəfə oxundu.