Bakıda idman mövzusunda beynəlxalq konfrans | |
Bu gün paytaxtda «İdman qurğularının idarə edilməsi» mövzusunda beynəlxalq konfrans öz işinə başladı. İdman.com.az xəbər verir ki,MDB ölkələrinin İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il – «İdman və sağlam həyat tərzi ili»nin tədbirlər planına əsasən təşkil edilmiş tədbir bədən tərbiyəsi və idman sahəsində beynəlxalq təcrübə mübadilələri baxımından xüsusi əhəmiyyətə malikdir. Konfransın açılışı Milli Olimpiya Komitəsinin inzibati binasında oldu. Öncə gənclər və idman naziri Azad Rəhimov çıxış etdi. O, ölkəmizdəki idman qurğuları barədə məlumat verdi: «Hazırda Bakı şəhərində Gimnastika kompleksi, Üzgüçülük Mərkəzi tikilir. Futbolsevərlər yaxın gələcəkdə 65 min yerlik Olimpiya stadionunda gözəl matçlar seyr edə biləcəklər. Bundan savayı, boks, cüdo və güləş idman növləri üzrə bazalar inşa olunur. İndiyədək müxtəlif bölgələrdə 35 olimpiya kompleksi də istifadəyə verilib. Bu onu göstərir ki, biz düzgün yoldayıq». Sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə söz aldı. Mütəxəssis, Azərbaycanda tikilmiş idman infrastrukturlarını bir daha nəzər saldı: «Ölkə başçısı cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezidenti seçilməsindən sonra, ölkəmizdə sürətlə idman qurğularının inşasına başlandı. İlk öncə Bakı, Naxçıvan və Gəncə şəhərlərində olimpiya kompleksləri tikildi. Bununla paralel, Milli Olimpiya Komitəsinin inzibali binası istifadəyə verildi. Həmin idman qurğusunun açılışında ulu öndər Heydər Əliyev və Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jaq Roqq da iştirak etdilər. Açılışından 2 həftə sonra həmin binada Avropa Olimpiya Komitəsinin toplantısı keçirildi. Zaman keçdikcə anladıq ki, bölgələrdə də olimpiya komplekslərinin inşasına ehtiyac var. İndi hər bir bölgəmizdə müasir idman qurğusu fəaliyyət göstərir». Daha sonra MOK-un baş katibi Ağacan Abıyev idman qurğularının idarə edilməsi ilə bağlı zəruri məsələlərə toxundu. O, belə qurğuların sistemli şəkildə idarə edilməsinin vacibliyindən danışdı: «Əvvəllər nəinki Azərbaycanda, MDB ölkələrində də dünya standartlarına cavab verən idman komplekslərinin olmaması problemi vardı. Zaman-zaman biz bu məsələni həll etdik. İndi bir məqam düşünməyə əsas verir. Regionlarımızda inşa edilən idman qurğularını vaxtaşırı avadanlıqlarla təchiz etmək lazımdır. Əvvəl bunu xaricdən alırdıq. Çünki baza az idi. İndi vəziyyət başqadır. Demək, ölkədə bu idman avadanlıqlarını istehsal edən fabrikə ehtiyac var». Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn idman sahəsi üzrə mütəxəssislərin, Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri və digər idman qurğuları rəhbərlərinin «Bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı», «Regionlarda bədən tərbiyəsi və idmanın inkişafında idman qurğularının rolu», «İdman komplekslərinin tikintisində əsas tələblər» və başqa mövzular ətrafında məruzələr dinlənilib. Sabah konfrans yekunlaşdıqdan sonra - günün 2-ci yarısında tədbir iştirakçıları Otüstü Hokkey Federasiyası, «Sərhədçi» Olimpiya İdman Mərkəzi və Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə yaxından tanış olacaq, Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq İdman, idman ləvazimatı və geyim sərgisində iştirak edəcəklər. Noyabrın 29-da qonaqlar idman qurğularının səmərəli fəaliyyəti və Tennis Akademiyası, «Sərhədçi» Olimpiya Mərkəzi və yenidən qurulmuş Tofiq Bəhrəmov adına Respublika stadionu ilə yaxından tanış olacaqlar. Kamran HACI |
|
Xəbər 2218 dəfə oxundu. |
|
|