Rəşad Sadıqov: Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım | |
Bizim üçün gərgin oyun oldu. Çempionatın sonuna yaxınlaşdıqca, futbolçuların üzərində əlavə psixoloji təzyiq olur. Bunu ilk hissədə də gördük. Birinci yarının çətin keçəcəyini gözləyirdik. İkinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq. Sevindirici haldır ki, istəyimizə nail olduq. Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım. Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra deyib. Qırx yaşlı mütəxəssis bildirib ki, bu, 3-cü yer və avrokuboklar üçün önəmli qalibiyyət idi: “Futbolçular ruhdan düşmədilər, mübarizə apardılar. Ən əsası da odur ki, kor-koranə hücum etmədik. Belə çətin səfərdən qələbə ilə qayıtmaq xoşdur. “Sumqayıt” ötən tur “Qəbələ”yə qarşı yaxşı oynamışdı. Hiss olunur ki, komandada canlanma var”. Sadıqov Coşqun Diniyevin çıxışını da dəyərləndirib: “Ehtiyatda oyunçumuz var idi. Sadəcə, əvvəlcə hücum xətini gücləndirdik. Ön xətdə kreativliyi artırmaq üçün Davit Volkov və Ahmed Ayzayanı meydana buraxdıq. Daha bir əvəzetməmiz qalmışdı. Matçın sonlarına yaxın Coşqun Diniyev yorulmuşdu ki, bu da başadüşülən idi. Çünki həm kubok görüşündə, həm də bugünkü qarşılaşmalarda ilk dəqiqələrdən xeyli güc sərf etmişdi. Onu 5-10 dəqiqə tez də əvəzləmək olardı. Amma yaxşı keçirdiyi oyunlardan biri oldu. Top itkilərinə yol verməsi normaldır. Aparıcı futbolçudur. Hücumların qurulmasına yaxından iştirak edir. Əsas futbolçunun oyuna yanaşması və verilən tapşırıqları icra etməsidir. Bu mənada hər hansı problem hiss etmədim”. Baş məşqçi “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununa da toxunub: “Bu, elə bir oyun idi ki, indiki halda başqa matçı fikirləşə bilməzdik. Kubok görüşlərində şanslar bərabərdir. Uduzdun, kənarda qalırsan. Finala çıxmaq belə, avrokuboklara vəsiqəni təmin etmir. Mənim üçün avrokubok yolunda bu qarşılaşma daha önəmli idi. Bu gün bütün fikrimiz bura verdik. Bundan sonra “Neftçi”yə qarşı cavab matçını fikirləşəcəyik. Qarşıda 4 gün var. Rəqib də az güc sərf etməyib. Düşünürəm ki, hər iki komanda üçün şərtlər eyni olacaq. Daha soyuqqanlı və inamlı oynayan komanda növbəti mərhələyə adlayacaq”. “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa: “Düzdür, qapıçımız Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Buna baxmayaraq, komanda oyunu və meydanda olan bütün amillər onu deməyə əsas verir ki, məğlubiyyətə layiq deyildik”. Belaruslu mütəxəssis meydanda birlik və istək göstərdiklərini bildirib: “Amma oyunlarda xal qazanmaq istəyiriksə, bir yox, yarım epizodlardan da yararlanmalıyıq”. |
|
Xəbər 288 dəfə oxundu. |
|
|