Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi olub | |
Sentyabrın 22-də Bakıda, Milli Gimnastika Arenasında qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi keçirilib. Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi çempionatın açılış mərasimi maraqlı konsert proqramı ilə başlayıb. Sonra çempionatda iştirak edən ölkələrin dövlət bayraqları arenaya gətirilib və Avropa Voleybol Konfederasiyasının himni səsləndirilib. Baş nazirin birinci müavini, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV açılış mərasimində çıxış edərək deyib: - Hörmətli qonaqlar və voleybol azarkeşləri. Hörmətli beynəlxalq və milli federasiyaların rəsmiləri. Bu gün Azərbaycana daha bir idman bayramı gəlib. Avropanın ən güclü qadın voleybol kollektivləri qədim və gözəl Bakı şəhərinə toplaşıblar. Avropa çempionatının final mərhələsində iştirak etmək üçün “Odlar Yurdu” Azərbaycana təşrif gətirmiş bütün qonaqları səmimi qəlbdən salamlayıram. Hazırkı Avropa çempionları Rusiya kollektivinə, Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Hollandiya, Macarıstan, Polşa, Serbiya, Türkiyə və Ukrayna kollektivlərinə “Azərbaycana xoş gəlmisiniz!” deyirəm. Bu gün Azərbaycan hər bir tədbiri, o cümlədən idman yarışlarını yüksək səviyyədə keçirməyə qadirdir. Bunun sübutu olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə iki il ərzində - 2015-ci ildə Bakı şəhərində keçirilmiş ilk Avropa və bu ilin mayında keçirilmiş IV İslam Həmrəyliyi oyunlarını, Ümumdünya Şahmat Olimpiadasını, Formula-1 Qran-Pri yarışlarını, idmanın bir sıra növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya Kuboku və “Böyük dəbilqə” yarışlarını, yüzlərlə beynəlxalq turniri sadalaya bilərik. Futbol üzrə UEFA Avropa Liqası turnirinin 2019-cu ildə keçiriləcək final oyunu və 2020-ci ildə Avropa çempionatının qrup oyunları da bu möhtəşəm silsilənin davamı olacaq. Təbii ki, bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 40-dan çox Olimpiya Kompleksinin, möhtəşəm idman qurğularının tikilib istifadəyə verilməsi ilə idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hələ keçmiş SSRİ dövründə belə Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə də, bu gün bu çempionlarımızın sayı xeyli çoxalmışdır. Bu gün Azərbaycan müasir, dünyəvi, sabit və demokratik bir ölkədir və Prezident İlham Əliyev tərəfindən insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər cür şərait yaradılıb. Qeyd etmək istərdim ki, Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabrında keçirilmiş yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin üç qrupunun oyunlarının, o cümlədən yarımfinal və final oyunlarının 22 sentyabr-1 oktyabr tarixlərində Azərbaycanda, bir qrupunun oyunlarının isə dost və qonşu Gürcüstanda keçirilməsi haqqında qərar qəbul edilib. Bu qərara görə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk və Təşkilat Komitəsi adından bu çempionatın da dünya standartlarına uyğun və ən yüksək səviyyədə keçiriləcəyinə əmin olduğumu bildirmək istəyirəm. Məlumat üçün nəzərinizə çatdırıram ki, bir qrupun oyunları Göygöl Olimpiya Kompleksində, digər oyunlar isə Bakı şəhərində hazırda iştirak etdiyiniz bu gözəl və möhtəşəm sarayda - Milli Gimnastika Arenasında keçiriləcək. Eyni zamanda, biz bu çempionatda Azərbaycan yığma komandasının da uğurla çıxış edəcəyinə ümid edirik. Gözəl ənənələrə malik olan Azərbaycan voleybolunun 90 yaşı var. Bu illər ərzində dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan voleybolu böyük yüksəliş yolu keçib, müxtəlif illərdə qadınlardan ibarət klub komandalarımız Avropa Çempionlar Liqasının, Avropa “Top Komandalar” kubokunun, “Çelenc” və CEV Kuboku yarışlarının qalib və mükafatçıları olub. 2016-cı ildə isə qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa Liqasının qalibi olub və bununla da dünya Qran-Prisinə vəsiqə qazanıb. Ümidvarıq ki, bu nailiyyətlər bu çempionatda da davam etdiriləcək. Əziz idmansevərlər. Bir daha bütün voleybol ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik edir, bütün iştirakçılara uğurlar və azarkeşlərə zövq bəxş etdirəcək oyunlar nümayiş etdirməyi arzulayıram. X X X Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin Yaqub Eyyubov qadınlar arasında voleybol üzrə Avropa çempionatını açıq elan edib. |
|
Xəbər 595 dəfə oxundu. |
|
|