Rəşad Yazıçıoğulları: “Bakı” Çellenc kubokunu qazanmağa ən şanslı klubdur - MÜSAHİBƏ | |
Qadın voleybolçular arasında “İqtisadçı” klubunun türkiyəli sabiq baş məşqçisi Rəşad Yazıçıoğulları paytaxta gəlib. İdman.com.az saytı xəbər verir ki, onun səfərininin məqsədi “Azərreyl”in Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində Kazan “Dinamo”su ilə cavab matçını izləmək olub. Təcrübəli mütəxəssis Bakı arenasında olarkən apasport.az-dan olan həmkarımız onunla söhbət edib: - Bakıya səfəriniz nə ilə bağlıdır? - Klublarınızın avrokuboklarda ev oyunlarını izləməyə gəlmişdim. Bakı İdman Sarayında keçirilən cavab görüşlərinə baxdım. - Qarşılaşmaları necə dəyərləndirərdiniz? - Təbii ki, dostum Faiq Qarayevin rəhbərlik etdiyi “Azərreyl”in oyunu mənim üçün çox önəmli idi. Matçın gedişində çox yaxşı oynadılar. Ancaq “qızıl set”də Yekaterina Qamova matçın taleyini həll etdi. “Azerreyl”in mübarizədən kənarda qalmasına çox üzüldük. Bu, həqiqətən də belədir və dəstəklədiyimiz komandanın “dördlər finalı”na çıxmalı olduğunu düşünürdüm. Bununla belə, “Bakı” ilə “Lokomotiv”in qələbələrinə sevindik. Fikrimcə, onlar Çellenc kubokunun finalında oynayacaq və “Bakı”nın kuboku qazanacağını düşünürəm. - Deməli, “Bakı”nı daha şanslı sayırsınız... - Bəli. Məncə, ötən il olduğu kimi, Çellenc kuboku Azərbaycanda qalacaq. - Biz əsas diqqətimizi “dördlər finalı”na yönəltmişdik. Çünki bu turnir Bakıda keçiriləcək. Ancaq Çempionlar Liqasındakı hər 2 təmsilçimiz – “Rabitə” və “Azərreyl” buna nail ola bilmədi. “Rabitə”nin “Fənərbağça”nı keçəcəyinə inanırdınız? - Əslində, heç ehtimal etmirdim. Hazırda “Fənərbağça” ilə başabaş oynamaq çətindir. - Belə demək olar ki, Bakıdakı “dördlər final”nın qalibi olmağa ən şanslı məhz “Fənərbağça”dır? - Ola bilər. - İstanbul klubunun Kazan “Dinamo”su ilə yarımfinalda şansını necə dəyərləndirirdiniz? - Mən bu komandaları finalda görürdüm. Fikrimcə, “Fənərbağça” Çempionlar Liqasının qalibi olmağa ən şanslıdır. - Bəs “dördlər final”nı təşkil edən ölkənin təmsilçisinin olmamağına necə qiymət vermək olar? - Bəli, hamımız Azərbaycan komandasının olmasını istəyirdik. Məncə, “dördlər final”ında heç bir komandanız yoxdur deyə, üzgünlük yaşamaq, ruhdan düşmək lazım deyil. - “Rabitə” hazırda klublararası dünya çempionatının qalibidir. Təcrübəli mütəxəssis kimi, komandamızın enişdə olduğunu düşünürsünüz? - “Rabitə” rəhbərliyi voleybolun inkişafı üçün böyük sərmayə qoyur. Sonda dünya çempionluğunu qazandılar, amma Çempionlar Liqasında uduzdular. Növbəti ildə Çempionlar Liqasının qalibi olub, digərini əldən verə bilər. Yəni, belə çıxışa üzülməmək lazımdır. - Bakıya Faiq Qarayevin dəvəti ilə gəlmisiniz? - Xeyr, dostum Tunc Əfşarın dəvəti ilə. - Sizin kimi tanınmış mütəxəssis artıq 2 ildir işsizdir. Niyə klublar sizin kimi təcrübəli məşqçinin xidmətindən istifadə etmir? - Bilmirəm. Bunu klublardan soruşmaq lazımdır. Biz peşəkarıq, işimizi görürük. Bəzən yaxşı olur, bəzən pis. Bəzən qazanırıq, bəzən uduzuruq. Bəzən çalışırıq, bəzən işləmirik. - Keçmiş komandanızın çıxışını izləyirsinizmi? - “İqtisadçı”nın oyunlarını izləmirəm. Ancaq keçən mövsüm mənim vaxtımdan qalan 2 voleybolçu, komandada çalışan dostlarımla salamlaşdıq. Onlar üçün darıxmışdım, görüşməyimiz yaxşı oldu. - Maraqlıdır ki, “İqtisadçı”nın hazırkı baş məşqçisi həmyerliniz Bülənd Qarslıoğludur. Onun haqda nə deyə bilərsiniz? - Keçmiş dostlarımdandır. Məndən yaşca kiçikdir. Ancaq istedadlı, enerjili, yaxşı bir məşqçidir. - Ancaq bu komanda çıxış etdiyi CEV kubokunda mübarizəni erkən dayandırdı... - Belə olur. Buna üzülməmək lazımdır. Komanda ölkə çempionatda mükafatçı, yenə bürünc medalçı ola bilər. - Maraqlıdır, Qarslıoğlu “İqtisadçı”dan təklif alanda sizinlə əlaqə saxlayıb, məsləhətləşdimi, xeyir-duanızı aldımı? - Yox. Əslində, həmin vaxt mən ölkə xaricində idim. Onun bura gəldiyini internetdən öyrəndim. - Sizi yenidən Azərbaycan klubunda görə bilərikmi? - Qismət. İnşallah, təklif olsa, yenidən Azərbaycanda çalışaram. |
|
Xəbər 1113 dəfə oxundu. |
|
|