Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun təşkilatçılıq səviyyəsi yüksək qiymətləndirilib | |
Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları təşkilatçılıq səviyyəsini yüksək qiymətləndiriblər. Bu barədə fikirlərini bölüşən Belarus gimnastı Hanna Harchonak dünya kubokunda qızıl medal qazanmaqdan duyduğu sevinci belə ifadə edib: "Bir az çətin idi. Birincisi, finalın səhər saatlarında olması bizim üçün yeni idi. Axşam saatlarında tullanmaq daha asandır. Proqram çətindir, rəqiblərim də biri digərindən güclüdür. Layiqli çıxış nümayiş etdirmək üçün çox cəhd göstərməli oldum. Bu, ilk növbədə öz üzərimdə qələbəmdir, çünki proqram yeni idi. Düzünü desəm, təsnifat mərhələsində də öndə olmağıma baxmayaraq, qızıl medal qazanacağıma ümid etmirdim. Qızlar hami güclüdür. Əvvəlcədən çətin olacağını bilirdim. Fikirləşirdim ki, ən yaxşı halda ilk üçlüyə düşəcəyəm. Buna görə də bu mənim üçün böyük hədiyyədir”. O, Azərbaycanın növbəti dəfə yüksək təşkilatçılıq qabiliyyətini göstərə bildiyini qeyd edərək deyib: “Burada İlk Avropa Oyunları zamanı olmuşam və çox gözəl təşkilatçılıq işi ilə yanaşı, tamaşaçıları da xüsusi qeyd etmək istərdim. Belarusda yarışlara az sayda azarkeş gəlir və çox sakit davranırlar. Sizdə isə azarkeşlər idmançılarını ucadan dəstəkləyirlər, bu çox gözəldir”, - deyə Belarus idmançısı əlavə edib. Azərbaycanda batut gimnastikası üzrə dünya kubokunda fərdi və sinxron çıxışlarda qızıl medal qazanmış Rusiya batutçusu Dmitri Uşakov isə qeyd edib ki, Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək Avropa çempionatına böyük məmnuniyyətlə qayıdacaq. O, bildirib ki, qızıl medal qazanmasına görə çox şaddır və çıxışından tam razıdır. İdmançı deyib: “Cüzi səhvlərə baxmayaraq, qələbə qazana bildim. Bütün yarışlar ərzində Bakı və İlk Avropa Oyunları barədə xoş təəssüratlarla bağlı yaxşı əhval-ruhiyyə var idi və bu çox kömək etdi. Kubok mərhələsi əla təşkil edilib, yarışlar tam cədvələ uyğun gedir. Bu, çox əladır. Milli Gimnastika Arenası artıq mənə uğur gətirən məkana çevrilir. Böyük məmnuniyyətlə 2018-ci ildə Avropa Çempionatında iştirak etmək üçün bura gələcəyəm”. Hərəkətlərin icrası üzrə ən yüksək xal topladığına görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi mükafatını qazanmış Polşa idmançısı Artur Zakrjevski isə qeyd edib ki, Bakıda batut gimnastikası üzrə Dünya Kuboku onun iştirak etdiyi ən yaxşı yarışlardan biridir. “Yarışlar ən yüksək səviyyədə təşkil edilib. Bu, mənim iştirak etdiyim ən yaxşı yarışlardan biridir. Mükafatıma gəlincə demək istəyirəm ki, yarım il əvvəl Polşada mənim nəticəm ən aşağı nəticə idi, lakin indi ən yaxşı idmançılar sırasındayam. Bu mənim iştirak etdiyim ilk finaldır. Bu, həmçinin Polşa üçün 1980-ci ildən bəri fərdi yarışlarda ilk finaldır, buna görə özümlə fəxr edirəm”, - deyə gimnast bildirib. Azərbaycanın növbəti dəfə idman yarışlarını möhtəşəm təşkil etdiyini dünyaya göstərdiyini vurğulayan Britaniya gimnastı Ketrin Driskol bildirib: “Mən artıq İlk Avropa Oyunları zamanı Bakıda olmuşam. Demək istəyirəm ki, təşkilatçılıq növbəti dəfə möhtəşəmdir. Dünyadakı hər bir arena belə şəraitlə öyünə bilməz. Mən, həmçinin insanların səmimiyyətini və azarkeşləri qeyd etmək istəyirəm, onlar çox yaxşıdırlar", - deyə Driskol qeyd edib. |
|
Xəbər 805 dəfə oxundu. |
|
|