Uilyam Uolker: “Synergy Baku” istəklərimi həyata keçirmək üçün əla bir imkandır | |
“Synergy Baku Cycling Project”in avstraliyalı üzvü Uilyam Uolker velination.com saytına müsahibəsində ciddi sınaqlara hazır olduğunu deyib. İdman.com.az xəbər verir ki, sprinter, sağlıq durumu və 2014-cü ildəki perspektivləri haqqında da danışıb. Hazırda yaxşı vəziyyətdə olduğunu deyən Uilyam “Synergy Baku” ilə birgə yeni sınaqları müvəffəqiyyətlə başa vuracağına inanır. 21 yaşında olarkən ürəyindəki problemlərə və ona velosiped idmanını tərk etmək barədə edilən təkliflərə baxmayaraq, Uilyam ümidini itirməyib. O, Bakı komandası ilə işbirliyindən zövq aldığını deyib. Uolker hələ 19 yaşında olarkən, 23 yaşlı idmançılar arasında dünya çempionatında gümüş medal qazanmaqla özündən söz etdirib. Bir neçə ay sonra, daha dəqiq 2006-cı ilin yanvarında Avstraliya milli çempionatında Beyden Kuk, Robi Makeven və Alan Deyvis kimi peşəkarlar arasında 27 saniyəlik üstünlüklə finiş xəttinə birinci çatıb. Daha sonra “Rabobank” Kontinental komandasına keçən Uilyam, yaşının az olması səbəbindən elit-çempion köynəyini geyə bilməyib. Məhz bu hadisə fiziki cəhətdən tam hazırlıqlı olan velosipedçiyə potensialını tam açmağa imkan verməyib. O, əvvəllər “Rabobank”da sadəcə sınaqdan keçənlər arasında olsa da, hər halda İspaniyada təşkil olunan “Vuelta” turunda iştirak imkanı qazanıb. Düzdür, 20 yaşlı idmançı orqanizminin tab gətirmədiyi artıq yüklənmələr səbəbindən burada yalnız 112-ci yeri tutub, amma 21 yaşında olarkən beynəlxalq turlarda iştiraka başlayan Uolker “Giro d”Italiya”da mərhələlərin birində 10-cu, ümumi sıralanmada isə 57-ci olub. Hər halda, bu cür yarışlar onun həddindən artıq yüklənməsinə səbəb olurdu: “Məncə həmin vaxtlar arxa plana düşmək variantım daha aktual idi. 21 yaşımda ikən iki beynəlxalq turu başa vurdum. Bu isə orqanizmimə təsirsiz ötüşmədi. Hətta bəzən velosipedi sürməyə belə çətinlik çəkirdim. Ardınca ürəyimdə problemlər ortaya çıxdı. 21 yaşımda ikən mən istismar olunan bir gənc təsiri bağışlayırdım”. Bir tərəfdən ürəyindəki problemlər, digər tərəfdən bəzi velosipedçilərin tənəzzül dövrünü yaşaması idmançının stress keçirməsi ilə nəticələnib. “Bir az yüksəliş dövrü yaşayanda qarşıda səni gözləyənlərdən xəbərin olmur. Lakin sonradan yanındakıların bir-bir sıradan çıxdığını gördükdə, stressdən qaçmaq mümkün olmur və velosipedi atmaq barədə düşünməyə başlayırsan”. Uolker gülərüz və ünsiyyətcil bir gəncdir. Amma keçmişdə yaşadıqları barədə sual verəndə, əhvalı dəyişir. “Mən ilk dəfə 20 yaşımda “Vuelta” turunda iştirak etdim. Sonra məşqlərimi daha da artırdım. Amma qəflətən xəstələndim və məşqlərimi dayandırdım. 4 həftədən sonra vəziyyətim düzəldi, amma xəstəlik məndən əl çəkmirdi. Bu artıq mənim yolumda ciddi bir əngələ çevrilmişdi”. Uolkerin yüksəlişi 2009-cu ilin fevralınadək davam etdi. O “Rabobank”dan “Fuji Servetto” komandasına keçdi, amma 2 aydan sonra velosipedlə vidalaşmaq məcburiyyətində qaldı. Növbəti 3 il ərzində isə həyatını təmin etmək üçün Malaziya milli komandasında, “Greenedge” komandasının gənclərdən ibarət yaş qrupunda və hətta ixrac-idxal məsələləri ilə də məşğul oldu. Bu illər ona tam özünə gəlməyə və tədricən çətinlikləri arxada qoymağa imkan verdi. Artıq məşqlərdə özünü yaxşı hiss edən Uolker yenidən yarışlarda iştirak haqqında düşünməyə başladı. Ötən ilin fevralında “Drapac” peşəkar velosiped komandası Uilyam Uolkerin yenidən böyük idmana qayıdışını elan etdi. “Böyük cənub sahili” turunda onun səhhətinin yaxşı olduğu üzə çıxdı. Müntəzəm kardioloji testlərdən sonra isə velosipedçinin yeni sınaqlara hazır olduğu müəyyənləşdi. Indi o əmindir ki, səhhətində yenidən problemlər ortaya çıxmasa, karyerası yüksələn xətt üzrə inkişaf edəcək. “Artıq dərk edirəm ki, sağlam qidaya üstünlük vermək çox vacibdir, bu üzdən də süni yeməklərdən qaçıram. Bu yolla öz səhhətimi qorumağın yolunu tapmışam. Avstraliyaya qayıdanda bu qaydalara ciddi əməl etməyə çalışacağam”. Uolker öz qələbələrindən danışmağı çox sevir və “Tasmaniya”, “Tailand”, “Tuuvumba” və “Gipsland” turlarında əldə etdiyi uğurları bizimlə bölüşür. Yeri gəlmişkən, xatırladaq ki, o Tailandda ümumi xal hesabında 2-ci, Yeni Zelandiyada 3-cü, “Heynien” yarışında isə 5-ci olub. Düzdür, bu yarışlar onun gənc ikən iştirak etdiyi turnirlərdən səviyyəcə geri qalsa da, xəstəlikdən sonrakı durumuna uyğun bir səviyyə olub. İndi Uilyam Uolker irəliyə doğru daha bir addım atmaq niyyətindədir. “Mənim əsas məqsədim Avropaya qayıtmaq idi və bu mənada “Synergy Baku” istəklərimi həyata keçirmək üçün əla bir imkandır. Komanda Avropada kifayət qədər önəmli yarışlara qatılır. Bu isə bizə ciddi rəqiblərlə mübarizədə ön sıralara çıxmağa imkan verəcək. Son 1 ayda daha ciddi şəkildə məşq etməyə başlamışam və hazırda yaxşı formadayam. İndi mənə sadəcə bir çağırış lazımdır ki, nəyə qadir olduğumu ortaya qoyum”. |
|
Xəbər 1067 dəfə oxundu. |
|
|