Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, dördqat SSRİ çempionu, Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Ələkbər Məmmədovun anadan olmasının 89-cu ildönümü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), AFFA-nın və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə keçirilən xatirə turnirinə yekun vurulub.
Turnirin finalında “Keşlə” və “Sabah” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən final görüşünün əsas vaxtı heç-heçə başa çatdığı üçün qalib 11 metrlik cərimə zərbələri seriyası nəticəsində müəyyənləşib. Keşlə komandası 5:4 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb. Üçüncü yerə isə “Zirə” komandasını 2:1 hesabı ilə məğlub edən “Səbail” sahib olub.
Turnirin qalib və mükafatçılarına Baş İdarə, AFFA və Futbol Veteranları İttifaqı tərəfindən kubok, diplom, medallar və xatirə hədiyyələri təqdim edilib.
AZƏRTAC
|