Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 10 medal qazanıblar | |
Azərbaycan stolüstü tennisçiləri Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar. Milli üzvləri Nevşehirdə təşkil olunan turnirdə müxtəlif yaş kateqoriyalarında iştirak ediblər. Yarışın ilk günlərində U-13 komandası 2-ci, U-15 isə 3-cü yeri tutub. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər. Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub. Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yerlə kifayətlənib. Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Beləliklə, komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub. |
|
Xəbər 116 dəfə oxundu. |
|
|