Azərbaycan Premyer Liqası: “Kəpəz” 3 xalı 3 qolla qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Bağlanış oyununda “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “sarı-göylər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 19-cu dəqiqədə nominal meydan sahiblərinin heyətində Ehtiram Şahverdiyev açıb. Qonaqların hücumçusu Orxan Əliyev 28-ci dəqiqədə tarazlığı bərpa edib. Matçın 34-cü dəqiqəsində E.Şahverdiyev komandasının və özünün ikinci qoluna imza atıb. Oyunda son nöqtəni isə 69-cu dəqiqədə “sarı-göylər”in forvardı Amil Yunanov qoyub.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran “Kəpəz” doqquzuncu pillədə qalıb. “Araz-Naxçıvan” isə 27 xalla altıncı yerdədir. Turnir cədvəlinə 50 xalla “Qarabağ” başçılıq edir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında lider “Qarabağ” “Səbail”i, “Sumqayıt” “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. “Sabah” - “Turan Tovuz”, “Qəbələ” – “Zirə” matçlarında isə heç-heçə qeydə alınıb – 1:1.

Xəbər 104 dəfə oxundu.