Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

Qarşılaşmalardan biri Bakıda, digəri isə Qəbələdə oynanılacaq.

Günün ilk matçı paytaxtda “Səbail” və “Kəpəz” komandaları arasında olacaq. Hazırda “dənizçilər” 21 xalla dördüncü, “sarı-göylər” isə 9 xalla doqquzuncu pillədə qərarlaşıblar.

İki kollektiv indiyədək ölkə çempionatında doqquz dəfə qarşılaşıb. Bunların beşində meydan sahibləri, üçündə qonaqlar qələbə qazanıblar. Bir görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də bakılılar rəqibini üstələyir – 14:10.

Son 4 qarşılaşmada qol vuran tərəf qalib gəlib. Evdə uduzmayan “Səbail” bu matçların hamısında qol vurub.

Günün son oyununda isə “Qəbələ” “Turan Tovuz”u qəbul edəcək. 13 turdan sonra “qırmızı-qaralar” 8 xalla sonuncu, tovuzlular isə 15 xalla səkkizincidir.

Bu, komandaların Premyer Liqa tarixində altıncı dueli olacaq. Əvvəlki beş görüşdə tərəflər hərəyə bir qələbə əldə ediblər. Üç qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Bu matçlarda “Qəbələ” 6, “Turan Tovuz” 5 qol vurub.

Meydan sahibi olan komanda qələbə qazanmayıb. Son üç matçda hər iki komanda fərqlənib.

Azərbaycan Premyer Liqası

XIV tur

25 noyabr (şənbə)

14:00. “Səbail” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASCO Arena”.

16:00. “Qəbələ” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Qəbələ şəhər stadionu.

Turun açılış oyununda “Qarabağ” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 26-da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.

Xəbər 134 dəfə oxundu.