Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü vida matçına çıxıb
“Neftçi”nin yetirməsi, Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov vida matçına çıxıb.

36 yaşlı yarımmüdafiəçinin futbolla rəsmən vidalaşması “Ağ-qaralar”ın Bakıda Rusiyanın “Zenit” komandasına qarşı keçirdiyi yoldaşlıq görüşündə baş tutub.

Sabiq futbolçu “Neftçi Arena”da oynanılan matçdan əvvəl təltif edilib. Ona mükafatı “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərov təqdim edib.

R. Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Azər Salahlı ilə əvəzlənib. Azarkeşlər keçmiş oyunçunu alqışlarla yola salıblar.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib. O, 2011-ci və 2012-ci illərdə paytaxt klubunun heyətində Azərbaycan çempionu olub.

Xəbər 110 dəfə oxundu.