Azərbaycanın daha iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə milli komandanın daha iki üzvü mərhələ adlayıb.

60 kiloqramda Maqsud Xasmetov ardıcıl ikinci görüşünü qələbə ilə başa vurub. O, 1/8 finalda irlandiyalı Kallum Ovensi də mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28).

Boksçu üçüncü döyüşündə rusiyalı Konstantin Opolski ilə üz-üzə gələcək.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev də adını 1/4 finala yazdırıb. O, italiyalı Kromvell Kommeyalfredi 4:1 (29:28, 30:26, 30:26, 28:29, 29:28) hesabı ilə məğlub edib. Allahverdiyev növbəti döyüşünü Delil Dadayevə (Almaniya) qarşı keçirəcək.

1/4 final mərhələsinin qarşılaşmaları noyabrın 16-da olacaq.

Qeyd edək ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq.

Xəbər 141 dəfə oxundu.