Azərbaycanın da təmsil olunduğu Avropa Atletlər Komissiyasına yeni sədr seçilib
Avropa Atletlərinin VII Forumu və Assambleyası başa çatıb. İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Atletlərinin VII Forum və Assambleyasına yekun vurulub.

Tədbirin ilk günündə komissiyanın gələcək planları və strategiyası müzakirə edilib, Olimpiya Həmrəyliyi və "Milano-Kortina-2026" Qış Olimpiya Oyunları ilə bağlı təqdimatlar olub.

Növbəti gün "Paris-2024" Yay Olimpiya Oyunları haqqında təqdimatlar və strategiyalar iştirakçılara nümayiş etdirilib. EOC Komissiyasının sədri Gerd Kanter və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Atletlər Komissiyasının sədri Emma Terho qurumun son 12 aydakı fəaliyyətinə dair ətraflı hesabatlar təqdim ediblər. Komissiya və namizədlər haqqında məlumat verildikdən quruma 3 yay və 1 qış idman növlərindən namizədlər seçilib.

Böyük britaniyalı Alister Braunli Avropa Atletlər Komissiyasının yeni sədri seçilib. O, Gerd Kanteri əvəzləyib. Səsvermənin nəticəsinə əsasən, serbiyalı Zorana Arunoviç (atıcılıq), slovakiyalı Aleksandra Miskovska (kamandan oxatma ) və almaniyalı Ronald Rauhe (kanoe) yay, estoniyalı Yohanna Taliharm (biatlon) isə qış idman növləri üzrə Atletlər Komissiyasının üzvü seçiliblər.

Tədbirdə ölkəmizi Azərbaycan Atletlər Komissiyasının üzvləri - taekvondoçu Fəridə Əzizova və yunan-Roma güləşçisi Rəsul Çunayev təmsil ediblər.

Avropadan komissiya üzvlüyünə 13 namizəd arasında Azərbaycan cüdoçusu, "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun da adı var idi.


Xəbər 204 dəfə oxundu.