“Böyük dəbilqə” turnirinə qatılacaq Azərbaycan cüdoçuları müəyyənləşib
Cüdo üzrə Azərbaycan millisinin oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.

Üç gün davam edəcək turnirdə yığma doqquz çəki dərəsində on kişi və dörd qadın idmançı ilə təmsil olunacaq.

Qadınlar arasında Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), kişilərin mübarizəsində isə Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Kəramət Hüseynov, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi73 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Camal Qamzatxanov və Uşangi Kokauri (hər ikisi +100 kiloqram) tatamiyə çıxacaqlar.

Cüdoçular yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, “Böyük dəbilqə”də 82 ölkədən 472 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Xəbər 224 dəfə oxundu.