Azərbaycanın 5 boksçusu Avropa Kubokunun yarımfinalına yüksəlib
Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kuboku 1/4 final mərhələsinə yekun vurulub.

Millimizin daha 2 üzvü yarımfinala yüksəlib. Tayfur Əliyev (60 kiloqram) Cuzeppe Kanonikonun (İtaliya) ardınca gücünü Rusiyanı təmsil edən Arşak Tovmasyana da göstərib. Boksçumuz erməni əsilli rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

Tayfurun uğurunu qardaşı Sərxan Əliyev (71 kiloqram) də təkrarlayıb. 1/8 finalda Toni Cası (İBAN) mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşündə Miroslav Kapulerlə (İsrail) üz-üzə gəlib. Sərxan döyüşün taleyini ilk raundda həll edərək, görüşü tam üstünlüklə aktivinə yazıb. O, yarımfinalda polşalı Damian Durkajla üz-üzə gələcək. Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Əliyev qardaşları ilə bərabər Azərbaycan millisinin daha 3 boksçusu final üçün döyüşəcək. Tural Sarıyev (48 kiloqram) yarımfinalda Artiş Soyanla (Rusiya), Malik Həsənov (63,5 kiloqram) Ahmat Ştivi (İsrail) ilə, Mirşərif Kazımzadə (75 kiloqram) Cambulat Bijamovla (Rusiya) qarşılaşacaq.

Xəbər 198 dəfə oxundu.