Futbolun İnkişaf Fondu və “Kəpəz”in təşkilatçılığı ilə mina təhlükəsizliyi layihəsinin növbəti mərhələsinə start verilib
Futbolun İnkişaf Fondu (FİF) və “Kəpəz” klubunun təşkilatçılığı, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin təşkilati dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsinin növbəti mərhələsinə start verilib.

Goranboyun Tapqaraqoyunlu kəndində partlayıcı sursatların təhlükəsinə dair uşaqların və böyüklərin məlumatlandırılması, eyni zamanda bilik səviyyələrinin artırılması istiqamətində tədbir təşkil edilib.

Tədbirdə Tapqaraqoyunlu kənd Niyazi Aslanov adına tam orta məktəbin 268 şagirdi ilə yanaşı, 56 nəfərdən ibarət müəllim və valideyn kollektivi iştirak edib.

İştirakçılar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təlimçisi tərəfindən partlayıcı sursatların insanların həyat və sağlamlığı üçün ciddi təhlükəsi, onlardan qorunma yolları, təhlükəli ərazilərdə davranış qaydaları, eləcə də mina və partlamamış hərbi sursatlara rast gəldikdə, dərhal 805, 102, 112 nömrələrinə məlumat verilməsi və digər vacib məqamlar haqqında məlumatlandırılıblar.

Tədbir “Kəpəz”in futbolçusu Tural Rzayev ilə tanışlıqdan sonra sual-cavab formatında davam edib. Tədbirin sonunda iştirakçılar üçün futbolçu ilə imza mərasimi təşkil edilib, tərəfdaşlar tərəfindən hədiyyələr təqdim edilib.

Xəbər 96 dəfə oxundu.