Səudiyyə Ərəbistanı 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir
Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Beynəlxalq Futbol Federasiyasına (FIFA) ərizə ilə müraciət edib.

Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Biz 2034-cü il futbol üzrə dünya çempionatını keçirmək üçün FIFA-ya məktub göndərmişik. Bu, Beynəlxalq Futbol Federasiyasına üzv olan 70-dən çox assosiasiyadan dəstək aldıqdan sonra atdığımız ilk addımdır”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

FIFA elan edib ki, 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün yalnız Asiya və Okeaniya ölkələri namizədliyini irəli sürə bilər. 2026-cı il çempionatı ABŞ, Kanada və Meksikada baş tutacaq. 2030-cu ildə isə dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq, turnirin açılış oyunu Uruqvayda, digər iki oyun isə Argentina və Paraqvayda keçiriləcək.

Xəbər 147 dəfə oxundu.