Vaqif Sadıqov: “Zirə” komandasının zirvədə olması sürpriz deyil
“Bütün klublar cari mövsümə çox yaxşı hazırlaşıblar. Buna görə də olduqca rəngarəng çempionat izləyirik. Düşünürəm ki, klublarımızın heyətinə yeni legionerlər qatması mübarizənin daha maraqlı keçməsində əsas amildir. İnanıram ki, bundan sonra da hər turda mübarizə ruhunun yüksək olduğu oyunlara şahid olacağıq”.

Bu sözləri açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan Premyer Liqasında ilk dövrənin yekunlarını dəyərləndirərkən deyib.

64 yaşlı mütəxəssis bildirib ki, “Səbail” öz oyunu ilə çempionata daha da rəng qatıb: “Klubdakı dəyişikliklər “dənizçilər”in iddialı komandalar arasında qərarlaşmasında rol oynayıb. Keçən mövsüm Premyer Liqada çətinliklə yerini qoruyub saxlayan klub hazırda yuxarı pillələrdədir. Açığı, “Səbail”in çıxışı mənim üçün əsl sürpriz oldu. Eyni sözləri “Araz-Naxçıvan” barədə də demək olar. Statistikalar da onu göstərir ki, bu klub meydana əvvəlki illərə nisbətdə daha inamlı çıxır”.

O, heç kimin “Sabah”dan belə zəif çıxış gözləmədiyini söyləyib: “Keçən il yaxşı oyun nümayiş etdirmişdilər. Bu il də gözləntilər çox böyük idi. Bu klub çempionluq uğrunda mübarizə aparmağa real namizəd hesab olunurdu. Amma bəzi nüanslar “Sabah”a imkan vermir ki, onlar özlərini meydanda istədikləri kimi göstərsinlər. İnanıram ki, tezliklə toparlanacaq və öz iddialarını ortaya qoyacaqlar. Çünki “Sabah” hədəfi böyük olan klubdur. Hesab edirəm ki, hazırda lider komandalarla başabaş mübarizə aparmağa layiqdir. Sözsüz ki, “Sabah”la yanaşı, daha bir neçə klubdan gözləntilər böyük idi. Bu baxımdan “Kəpəz”i xüsusi qeyd etmək olar. Düşünürəm ki, hələ də meydanda tam istədikləri oyunu nümayiş etdirə bilmirlər. Hər kəs bilir ki, bu komanda böyük ənənəyə malikdir. Ancaq “Kəpəz” meydanda adına layiq oyun sərgiləmir. Buna baxmayaraq, ikinci dövrədə bütün klublarımızın xallarının artacağı ilə bağlı inamımız var”.

“Zirə”nin ilk dövrəni lider kimi başa vurmasına da toxunan milli assosiasiya rəsmisi əlavə edib: “Çoxları düşünür ki, “Zirə”nin zirvədə olması sürprizdir. Amma belə deyil. Rəşad Sadıqovun komandası bütün görüşlər üçün hazırlıqlarını planlı şəkildə görür. Bunun nəticəsidir ki, klub hazırda zirvədədir. Fikrimcə, bu il istədiklərinə nail ola bilərlər. Onlar həmişə iddialı olublar”.

V. Sadıqov “Neftçi”nin bu mövsüm istənilən səviyyədə çıxış edə bilməməsinin klubdakı dəyişikliklərlə bağlı olduğunu vurğulayıb: “Azarkeşləri inamlı və səbirli olmağa çağırıram. Komandanın toparlanmağı üçün zamana ehtiyac var. “Neftçi”də keyfiyyətli futbolçular çoxdur. “Ağ-qaralar” tezliklə öz simasını bərpa edib, flaqman olduğunu sübut edəcək”.

“Qarabağ”ın çıxışından da söz açan mütəxəssis Ağdam klubunun hər iki cəbhədə yaxşı mübarizə apardığını qeyd edib: “Bu komanda Azərbaycanı Avropada layiqincə təmsil edir. Ölkə çempionatında bəzi rəqiblər “Qarabağ”ın yorğunluğundan istifadə edib müəyyən oyunlarda vacib xallar qazana bildilər. Amma “Neftçi” ilə son qarşılaşma göstərdi ki, Ağdam təmsilçisi meydanda istənilən rəqibə qalib gələ bilər”.

Xəbər 136 dəfə oxundu.