Ayxan Abbasov: Bizə qarşı edilən kobudluq nəticəsində məğlub olduq
“Zirə” bugünkü gün çempionatımızın lideridir. Komandanın diqqətli oyun göstərəcəyini bilirdik”.

Bu sözləri açıqlamasında “Turan-Tovuz” komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” komandasına 1:2 hesabla uduzduqları barədə danışarkən deyib.

Qırx iki yaşlı mütəxəssis “Zirə” ilə matçın ilk 15 dəqiqəsində üstün olduqlarını bildirib: “Lakin sonra rəqib komanda üstünlük əldə edərək, qola imza atdı. İkinci hissədə heyətdə müəyyən dəyişiklik etdik.

Təəssüflər olsun ki, sonluqda çatışmayan tərəflərimiz var idi. Matç zamanı qol vurmağa nail olsaq da, bizə qarşı edilən kobudluq nəticəsində məğlub olduq. Hakim bizim qapımıza cərimə zərbəsi təyin etdi. Halbuki ondan əvvəl rəqibin 11 nömrəli futbolçusu bizim müdafiəçimizi vurmuşdu. Hər şeyə rəğmən maraqlı oyun keçdi. 90 dəqiqə çərçivəsində oyunçularım ruhdan düşmədi. Məğlubiyyətlə barışmadı”.

O, Azərbaycan Premyer Liqasında stabil çıxış etməyin çox çətin olduğunu vurğulayıb: “Bir çox klublar mövsümə yaxşı başlamasalar da, artıq vəziyyəti düzəltmək üzrədirlər. Hətta iddialı komandalarımız belə bu eniş dövrünü yaşaya bilir. Biz də çox istəyirik ki, bu dövrdə belə xal qazana bilək. Oyunları ümumi təhlil etdiyimiz zaman yaranmış bu halın normal olduğunu görə bilərik. Biz stabilliyi qorumalıyıq və bunun üçün də çox çalışmaq lazımdır.

Xəbər 108 dəfə oxundu.