“Qarabağ”ın kapitanı: İnanıram ki, Ağdamda ev oyunlarımızı keçirə biləcəyimiz böyük arena tikiləcək
“Biz hər gün xəbərləri izləyir və vəziyyəti anlamağa çalışırıq”.

Bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Hekken” klubuna qalib gəldikləri oyundan sonra İsveç mətbuatına açıqlamasında deyib.

Qarabağdakı vəziyyəti şərh edən 34 yaşlı müdafiəçi Azərbaycanın haqlı olaraq öz torpaqlarını geri qaytardığını bildirib: “Qarabağ Azərbaycan ərazisidir və biz son müharibədə haqlı tərəf idik”.

3 il öncə komanda yoldaşları ilə Ağdama səfər etdiyini xatırladan təcrübəli futbolçu həmin vaxt Qarabağda başlarına gələn hadisədən söz açıb: “Çox təhlükəli idi. Əsgərlərlə görüşdükdən sonra maşına minməyə tələsirdik. Ümid edirdik ki, qarşı tərəfdən heç kim atəş açmayacaq”.

O, Ağdamda tikiləcək “İmarət” stadionu barədə də danışıb: “İnanıram ki, orada ev oyunlarımızı keçirə biləcəyimiz böyük arena tikiləcək. Bu gün Ağdamda oynamasaq belə, “Qarabağ” hər kəsin sevdiyi komandadır”.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda iki turdan sonra 6 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər 109 dəfə oxundu.