Dünya çempionu: Yarış mənə qızıl medalla yanaşı, təcrübə də qazandırdı
“Beş ildir dünya çempionatında qızıl medal qazana bilmirdik. Ona görə də finalda güləşmək mənim üçün böyük məsuliyyət idi”.

Bu sözləri açıqlamasında Portuqaliyanın Odivelas şəhərində gənclər arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə deyib.

73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, dünya çempionu olmaq çox sevindirici haldır: “Mundialda bayrağımızı dalğalandırıb, himnimizi səsləndirmək qürurvericidir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir”.

Yarışın özü üçün əla keçdiyini söyləyən cüdoçu əvvəldən çempion olacağına inandığını vurğulayıb: “Hər şey əla alındı. Əhval-ruhiyyə yüksək idi. Demək olar ki, heç bir rəqibimlə görüşdə əziyyət çəkmədim və rahat qələbə qazandım. Bu yarış mənə qızıl medalla yanaşı, təcrübə də qazandırdı”.

Qeyd edək ki, Vüsal Qələndərzadə həm də gənclər arasında Avropa çempionudur.

Xəbər 146 dəfə oxundu.