Azərbaycan millisinin futzalçısı: Birləşsək, yumruq olsaq, istədiyimiz nəticəni qazanacağıq
“Yaxşı hazırlaşırıq. Pis cəhət odur ki, əksər oyunçularımız komandaya dünən qoşuldu. Çalışacağıq ki, Niderlandla oyunda qazandığımız qələbənin davamını gətirək və müsbət seriya yaradaq”.

Bu sözləri Azərbaycan millisinin futzalçısı Hadi Ahmadi DÇ-2024-ün elit-raund mərhələsində Bakıda Qazaxıstan yığmasına qarşı keçirəcəkləri oyun barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, rəqibi Bakıda məğlub etsələr, üstünlük qazanacaqlar: “Bütün işlərimizi, çalışmalarımızı bunun üzərində qururuq. İkinci mövsümdür ki, Qazaxıstan çempionatında çıxış edirəm. Necə oynadıqlarına bələdəm. Açığı, rəqibin bizdən elə də ciddi üstünlüyü yoxdur. Əsas məqam kimi, qapıçıdan beşinci oyunçu kimi istifadə etmələrini qeyd edərdim. İgita demək olar, oyunun əksər hissəsini meydanın rəqibə aid hissəsində keçirir. Qazaxıstanın oyunu belə də daha yaxşı alınır. Başqa üstünlüklərini deyə bilmərəm. Bərabər səviyyəli iki komandanın dueli olacaq. Birləşsək, yumruq olsaq, istədiyimiz nəticəni qazanacağıq”.

Futzalçı Qazaxıstan millisinin heyətində Duqlas Junioru xüsusi fərqləndirdiyini vurğulayıb: “Çox təhlükəli oyunçudur. Həm qol vurur, həm də dəqiq ötürmələr edir. Dauren Tursaqulov da istənilən komandaya başağrısı yaradacaq futzalçıdır. Edsonu da onların sırasına qatardım. Hər iki komanda qələbə qazana bilər. Əgər öz oyunumuzu oynaya bilsək, toparlansaq, məşqçilərin dediyini meydanda etsək, üstünlük 60-70 faiz bizdə olacaq”.

Qrupun əvvəlki oyunlarında Rumıniyaya məğlub olduqlarını və Niderland üzərində qələbə qazandıqlarını xatırladan H. Ahmadi bu cür start gözləmədiklərini söyləyib: “Bu gün aktivimizdə 3 yox, 6 xal olmalı idi. Rumıniyaya qarşı pis oynamadıq. Mübarizə apardıq. Sadəcə, epizodlarımızı qola çevirə bilmədik, əvəzində səhvlər etdik. Niderlandla matçda isə səhvləri minimuma endirdik. Ona görə də qələbə qazandıq. Bu dəfə də boşluq verməməli, səhv etməməliyik. Rəqib bunu bağışlamır”.

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan–Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

Xəbər 127 dəfə oxundu.