Millinin baş məşqçisi: Qazaxıstanla oyunda doğma meydan amilindən istifadə etmək istəyirik
“Toplanışa oktyabrın 2-də başlasaq da, dünənki məşqdə heyət tam olaraq iştirak edirdi. Ölkə xaricində çıxış edən legionerlərimizin gəlişindən sonra əsasən taktiki planda çalışmalara yer ayırmışıq”.

Bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024 elit-raund mərhələsində Bakıda Qazaxıstan yığmasına qarşı keçirəcəkləri oyun barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis rəqib komandanın təcrübəli futzalçılardan qurulduğunu vurğulayıb: “Onlar da dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələsində iştirak ediblər. Fərdi bacarığına görə seçilən futzalçıları var. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Bizi maraqlı qarşılaşma gözləyir. Doğma meydan amilindən istifadə etmək istəyirik. Bunu da bizə hiss etdirəcək qüvvə azarkeşlərimizdir. Onları tribunaya səsləyirik. Gəlsinlər, dəstəkləsinlər, oyunçularımız da onlardan güc-qüvvət alsınlar”.

O, heyətlə bağlı müəyyən dəyişikliklər etdiyini bildirib: “Komandaya iki yeni futzalçı qoşulub. Qabriel illər əvvəl komandamızda oynayıb. Təcrübəli futzalçıdır. Murad isə “Baku Fire”in üzvüdür. Çempionat oyunlarında xoş təsir bağışladı. Buna görə də milliyə dəvət etdik. Hər ikisinin ümidlərimizi doğruldacağına inanırıq”.

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

Xəbər 158 dəfə oxundu.