“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik
Açığı, oyun çox gərgin keçdi. Bunu gözləyirdik. Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığımızı da buna uyğun görmüşdük.

Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Nunu Rodrigeş Premyer Liqanın VIII turunda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

Portuqaliyalı yarımmüdafiəçi “qartallar”ın fərqli oyun üslubuna malik komanda olduğunu bildirib: “Bizə “Səbail”ə uduzduğumuz matçdan sonra mütləq qələbə qazanmaq lazım idi. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq”.

“Zirə” ilə görüşdə yeganə qolun müəllifi olan 29 yaşlı oyunçu özünü matçın qəhrəmanı hesab etmədiyini söyləyib: “Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər, görün, neçə futbolçumuz əziyyət çəkdi. Abdulla cinahı təkbaşına “yardı” və topu mən olan nöqtəyə qədər daşıdı. Özümü qəhrəman yox, xoşbəxt hiss edirəm. Çünki komandamın qələbə qazanmasına kömək edə bildim, liqada ilk qolumu vurdum. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz”.

“Araz-Naxçıvan”ın çıxışını da dəyərləndirən N. Rodrigeş komandada inkişaf olduğunu vurğulayıb: “Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər baş verənləri analiz etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır”.

O, IX turda “Sabah”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu dəfə də 3 xal qazanmaq üçün səfərə yollanacağıq. İstəyirik ki, dövrəni major notlarla yekunlaşdıraq və milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalla yollanaq”.

Premyer Liqanın səviyyəsindən də danışan futbolçunun sözlərinə görə, Azərbaycan çempionatının xüsusi özəlliyi var: “Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici liqadır. Sadəcə, buradakı komandaların oyun üslubu başqadır”.

Qeyd edək ki, oktyabrın 7-də “Bank Respublika Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” oyunu saat 18:00-da başlayacaq. Naxçıvan təmsilçisi 8 oyundan sonra 13 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xəbər 108 dəfə oxundu.