“Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik
İlk növbədə həmkarım və sabiq oyunçum Andrey Stimaçı yaxşı komanda formalaşdırdığına görə təbrik edirəm. Onlar həqiqətən yaxşı oyun sərgilədilər.

Bu sözləri "Sabah" basketbol komandasının baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunun ilk turunda Niderland "Donar"ına 75:72 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Şimali makedoniyalı mütəxəssis oyunçularını və ona bu klubda işləmək imkanı yaradan insanları təbrik edərək, onlara təşəkkürünü bildirib: "Qələbəmizi Azərbaycan basketboluna həsr edirik. 18 ildən sonra avrokuboklara qatıldıq və ilk qalibiyyətimizi aldıq. Oyuna gəldikdə, yeni komandayıq. Yeni kollektiv qururuq. Ümid edirəm, tədricən daha yaxşı oyun sərgiləyəcəyik. Növbəti oyunumuz "Rabotniçki"yə qarşı olacaq. Şanslar bərabərdir".

Qeyd edək ki, "Rabotniçki" - "Sabah" matçı bu gün keçiriləcək.

Xəbər 128 dəfə oxundu.