Premyer Liqa: Zirvədə ikihakimiyyətlilik, “Qəbələ”ni son pillədən xilas edən qələbə
Ötən həftə Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçirilib.

Beş matçın ikisində meydan sahibləri, ikisində qonaqlar qalib gəliblər, bir qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.

Turun ən bol qollu görüşü açılış oyununa təsadüf edib. Son çempion “Qarabağ” “qara zolaq”dan çıxa bilməyən “Sumqayıt”ın qapısından 5 cavabsız top keçirib. Bu qələbə eyni zamanda “köhlən atlar”a zirvəyə şərik olmaq fürsəti verib. Mövsümə bir qədər qeyri-sabit başlayan Ağdam təmsilçisinin oyunu yüksələn qrafik üzrə dəyişməkdədir. Ardıcıl üç turdur qələbə qazanan Qurban Qurbanovun komandası bu matçlarda ümumilikdə 9 qol vurub. Bu qalibiyyət “Qarabağ” üçün UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Hekken”ə qarşı keçiriləcək II tur oyunu öncəsi yaxşı motivasiya olacaq. “Sumqayıt”a gəlincə, “gənclik şəhəri” təmsilçisi mövsümün əvvəlindəki formasından xeyli uzaqdır. Son beş matçda qələbəyə həsrət qalan Samir Abasovun başçılıq etdiyi kollektiv öz oyununu tapmaqda çətinlik çəkir.

“Neftçi” bu turda 2 oyunluq qələbəsizlik seriyasına son qoyub. Səfərdə “Turan Tovuz”un qonağı olan “ağ-qaralar”a 3 xalı Aaron Olanarenin 87-ci dəqiqədə vurduğu yeganə qol qazandırıb. Yeri gəlmişkən, bu, mövsümün əvvəlində transfer olunmuş nigeriyalı hücumçunun Bakı klubunda ilk qolu olub. Qazanılan qələbəyə baxmayaraq, “Neftçi” hələ də gözlənilən oyunu sərgiləmir. Adrian Mutunun gəlişindən sonra yenilənən kollektiv adaptasiya mərhələsindədir. “Turan Tovuz” isə 3 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirə bilməyib. Bu nəticə qərb təmsilçisinin altıncı sırayadək geriləməsinə səbəb olub. Hələlik tovuzlular da sabit oyun göstərməkdə çətinlik çəkirlər.

Turun yeganə heç-heçəsi Bakıda qeydə alınıb. Paytaxtın iki təmsilçisi – “Səbail” və “Sabah” münasibətlərinə “ASCO Arena”da aydınlıq gətiriblər. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Bu mövsüm heç cür özünə bənzəməyən “tələbələr” ardıcıl altıncı oyunda qələbə qazana bilməyiblər. Görünür, baş məşqçi Murad Musayev hazırkı vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. Mövsümün əvvəlində heyətinə bir sıra yeni futbolçular cəlb edən “Sabah” öz oyununu tapa bilmir. Xüsusilə müdafiə və hücum xəttindəki boşluqlar uğurlu nəticələr əldə etməyə mane olur. “Səbail” isə uğurlu seriyanı davam etdirir. Təsadüfi deyil ki, hazırda “dənizçilər”i liderdən cəmi iki xal ayırır. Bu tempdə davam etsələr, mövsümün sonunda mükafatçılar sırasına düşə bilərlər.

Ötən tur evdə “Qarabağ”a uduzan “Qəbələ” həmin məğlubiyyətin əvəzini Gəncədə “Kəpəz”dən çıxıb. Rəqibinə minimal hesabla qalib gələn “qırmızı-qaralar” turnir cədvəlinin son pilləsindən xilas olublar. İki sıra irəliləyən bölgə təmsilçisi səkkizinci yerə yüksəlib. “Kəpəz”də isə eniş davam edir. “Sarı-göylər” doğma azarkeşləri önündə meydana çıxdığı üçüncü qarşılaşmada da məğlub olublar. Turnir cədvəlinin zirzəmisində yer alan gəncəlilər bu mövsüm elitanı tərk etməyə ən real namizəd hesab olunurlar.

Ötən turun sensasiyası isə “Dalğa Arena”da qeydə alınıb. Çempionatın lideri “Zirə” səfər oyununda gözlənilmədən “Araz-Naxçıvan”a minimal hesabla uduzub. Bu, “qartallar”ın cari çempionatda ikinci məğlubiyyəti olub. Rəşad Sadıqovun komandası daha əvvəl V turda Qəbələdə eyniadlı komanda ilə bacarmayıb – 0:1. “Araz-Naxçıvan” isə bu mövsüm özünü heç də debütant kimi aparmır. Özünəməxsus oyun üslubu ilə seçilən Naxçıvan təmsilçisi hazırda 13 xalla dördüncü pillədə yer alıb. Komanda liderlər qrupundan cəmi üç xal geri qalır.

Xəbər 90 dəfə oxundu.