Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb


Qılıncoynatma üzrə milli komandamızın lideri Anna Başta Belçikanın Gent şəhərində keçirilən 25-ci “Flemish Open Championships” beynəlxalq turnirində qızıl medal qazanıb.

Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna qadın sablyaçıların yarışında finala gedən yolda italiyalı Marqarita Kollonnanı (15:7), Fransa sablyaçıları Şarlott Lembaxı (15:8) və Luiz Kleyni (15:7), Böyük Britaniya təmsilçisi Maksvell Caitlini (15:14) mübarizədən kənarlaşdırıb. Anna finalda qadın sablyaçıların dünya reytinqində dördüncü olan Yunanıstan qılıncoynadanı Despina Georgiadonu 15:4 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb.

Yetmişə yaxın qadın sablyaçının yarışdığı turnirdə Palina Kaspiaroviç və Zərifə Hüseynova ümumi sıralamada ilk onluqda yer almağı bacarıblar.

Səbinə Kərimova 11-ci, Valeriya Bolşakova 22-ci, Sevil Bünyatova isə 25-ci olublar.

Xəbər 144 dəfə oxundu.