“Araz-Naxçıvan”ın baş məşqçisi azarkeşlərə müraciət edib
Komandada hər şey qaydasındadır. Bu gün məşqimizi oyunun keçiriləcəyi ASCO Arenada reallaşdırdıq. Uşaqların arenanın örtüyünə uyğunlaşmasına çalışdıq. Zədəli futbolçularımız sağalıb və komandaya qoşulublar. Yalnız Muhamed Kadiri qırmızı vərəqə aldığına görə meydana çıxa bilməyəcək. Əhval-ruhiyyə yaxşıdır. Uşaqlar oyunun məsuliyyətini dərk edirlər.

Bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasındakı növbəti oyunla bağlı danışan baş məşqçi “Neftçi”yə qalib gəlməyin komanda üzvlərində eyforiya yaratmadığını qeyd edib: “Eyforiyadan və ya hansısa arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, belə qələbələr komandada özünəinamı artırır. Futbolçularla istər kollektiv, istərsə də fərdi söhbətlər zamanı vurğulayırıq ki, yüksəlişə qalxmaq nə qədər çətindirsə, orada dayanmaq ondan da çətindir. Ona görə də bütün görüşlərə tam köklənməli, həmin yanaşmanı digər görüşlərə də daşımalıyıq”.

A.Bağırov sentyabrın 24-də qarşılaşacaqları rəqiblə bağlı fikirlərini də bölüşüb: “Səbail” son üç oyunda qələbə qazanıb, “Qarabağ” kimi iddialı komandanı məğlub edib. Bu da onu göstərir ki, rəqib kəsərli əks-hücumlar qurur. Maraqlı oyun olacaq. Azarkeşlərimizə isə səslənirəm ki, gəlin, tribunada yerinizi tutun, komandamızı dəstəkləyin”.

Xəbər 88 dəfə oxundu.