Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Naxçıvan Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə əvvəlcə iştirakçılar səhnəyə dəvət edilib. Gimnastlar tamaşaçılara təqdim olunduqdan sonra zalda quraşdırılmış böyük monitorda Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş etdirilib.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, bölgədə gimnastika üzrə təşkil olunan ilk beynəlxalq yarışda Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-dək idmançı çempion adı uğrunda mübarizə aparır. Turnirə paytaxt və bölgələri təmsil edən 20 klubdan kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar qatılıblar.

İdmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edirlər. Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatalanı təmsil edən gimnastlar da qoşulublar.

Qeyd edək ki, yarış sentyabrın 22-dək davam edəcək.

Xəbər 135 dəfə oxundu.