İlqar Aslanov: Qazaxıstanla oyunda qalib gəlsək, şansımız daha da artacaq
Yığma komandanın Niderlandla oyununu tribunadan izlədim. A qrupundakı ilk matçla müqayisədə bu dəfə futzalçılarımız kifayət qədər yaxşı oyun nümayiş etdirdi. Komanda daxilində motivasiya da çox yüksək idi.

Bu sözləri açıqlamasında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov həm yığmamızın Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri Dünya Çempionatı-2024-ün elit mərhələsinin matçını, həm də növbəti görüşü şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, milli komanda Rumıniya ilə məğlubiyyətdən sonra özünü toparlamağı bacardı: “Açığı, Niderland güclü rəqib hesab edilmirdi. Amma futzalçılarımız bu amilə fikir vermədən son ana qədər mübarizə apardı. Fikrimcə, yaxşı oynadılar. Hətta 3-4 qol artıq vurmaq da olardı. Matçın belə nəticə ilə bitməsi gözlənilən idi. Bu oyunda oyunçularımızın bir neçə səhvi də oldu. Futzalçılarımız oyuna çox yaxşı başladı, amma ard-arda qol vurduqdan sonra bir qədər arxayınlaşdılar. Qol vəziyyətlərindən tam istifadə edə bilmədilər. Buna baxmayaraq, rəqibi məğlub etdilər”.

Onun sözlərinə görə, Qazaxıstan qrupda aşkar favorit hesab olunur: “Yığmamızın Qazaxıstan millisi ilə oyuna hazırlaşmaq üçün hələ vaxtı var. Ona görə də, belə iddialı rəqiblə qarşılaşmadan qabaq Niderland millisinə qarşı qazanılan qalibiyyət çox vacib idi. Düşünürəm ki, bu qələbədən sonra futzalçılarımızda ruh yüksəkliyi daha da artacaq. Azarkeşlərin dəstəyi ilə Qazaxıstanı da məğlub edə bilərik. Qrupda lider olmaq üçün şansımızın 50-nin 50-yə olduğunu demək olar. Əsas və ən önəmli oyun qazaxlarla olacaq. Evdə bu oyunda qələbə qazansaq, şans və inamımız daha da artacaq”.

Xəbər 76 dəfə oxundu.