Futzal üzrə milli komandanın kapitanı azarkeşlərə müraciət edib
Komanda olaraq əla oynadıq. Kimisə fərdi qaydada seçmək, fərqləndirmək istəməzdim. Ümumiyyətlə, Azərbaycan millisi öz oyununu oynayanda onun qarşısında dayanmaq çətin olur. Müdafiədə kompakt oynamaq, səhvə yol verməmək əsas xüsusiyyətimizdir.

Bunu DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində ikinci oyununa çıxan Azərbaycan millisinin Niderlandı böyük hesabla məğlub etdiyi matçın ilk dəqiqəsindən sonunadək meydanda olan kapitan Emin Kürdov qarşılaşma barədə qurumun mətbuat xidmətinə danışarkən deyib.

“Onsuz da oyun ərzində qol epizodu yaradırsan. Qalır həmin anda düzgün mövqe seçmək, epizodu reallaşdırmaq. Oyun həm də ölkəmiz üçün əhəmiyyətli günlərdə keçirildi. Azərbaycan Ordusu 24 saat ərzində antiterror tədbirlərini uğurla başa vurdu və separatçıları tərk-silah olmağa məcbur etdi. Bu xəbər bizə müsbət mənada psixoloji olaraq təsir etməyə bilməzdi. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman ehtiramla anırıq” – deyə, o əlavə edib.

Qapıçı son iki oyundan sonra komandaların şansları haqqında da danışıb: “Hazırda turnir cədvəlində komandalar bir-birinə yaxın pillələrdə yer alıb. Qazaxıstan 6 xalla liderdir, Rumıniya və millimizin 3 xalı var. Top fərqinin göstəricisinə görə komandamız üstün olsa da, komandalar arasındakı matçın nəticəsi Rumıniyaya ikinci pillədə qərarlaşmaq imkanı verir. Halbuki birinci oyunda da üstünlük tərəfimizdə idi, qol epizodlarımız daha çox oldu, sadəcə reallaşdıra bilmədik. Lakin idman xoşbəxtliyi tərəfimizdə olmadı”.

O, Qazaxıstanla oyunöncəsi azarkeşlərə səslənib: “Oktyabrın 6-da əsas rəqibimiz olan Qazaxıstanla qarşılaşacağıq. Bu görüşdə xal itirməsək, liderlik uğrunda mübarizə üçün şansımız çoxalacaq. Ona görə də azarkeşlərimizə səslənirəm ki, gəlin, tribunaları doldurun, komandamızı sonadək dəstəkləyin. Onların tribunada yer alması bizə əlavə stimul verir”.

Təcrübəli qolkiper Niderlandla oyunda rəqibin vurduğu qolla bağı vəziyyətə də aydınlıq gətirib: “Niderlandla oyunda sarı vərəqə aldığım epizoda gəldikdə, top qapı xəttini keçməmişdi. Dəqiq görmüşdüm, çünki hər şey gözümün önündə baş verdi. Sadəcə, həmin anda səbirli olmaq lazımdı, mən də emosiyalarımı sakitləşdirə bilmədim. Oyun zamanı belə hallar olur. Futzala rəng qatan məqamlardır. Ümid edirəm ki, Qazaxıstanla oyun da komandamız üçün uğurla başa çatar”.

Xəbər 81 dəfə oxundu.