Yunis Hüseynov: “Qarabağ”ın “Molde” komandasına qalib gələcəyini düşünürəm
“Qarabağ” yeganə komandadır ki, hər zaman bizi avrokubokların qrup mərhələsində təmsil edir.

Bu sözləri açıqlamasında Azərbaycanın veteran hücumçusu, Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Yunis Hüseynov UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyun barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis Ağdam klubunun daim öz nəticələri ilə xalqımızı qürurlandırdığını bildirib: “Fikrimcə, “Qarabağ” qrupu ikinci pillədə tamamlayacaq. Komandamız doğma meydanda möhtəşəm oyun sərgiləyir. Sabahkı matçda da Ağdam təmsilçisinin qalib gələcəyini düşünürəm. Çünki şanslarımız olduqca yüksəkdir”.

“Molde”nin son zamanlar uğurlu çıxış etdiyini söyləyən Y. Hüseynov Avropa Liqasının qrup mərhələsində zəif komanda olmadığını əlavə edib: “Hər klubun öz oyun üslubu var. Qrupdakı rəqiblər güclüdür. Sabah bizi maraqlı oyun gözləyir. Hər iki komandaya uğurlar arzu edirəm”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Xəbər 81 dəfə oxundu.