“Sabah” basketbol klubunun kapitanı: Qrupu birinci yerdə bitirmək istəyirik
İlk dəfə Avropa Kubokunda iştirak edəcəyik. Düşünürəm ki, uğurlu nəticə əldə etməyimiz üçün əsas maneə klubumuzun yeni yaranması ola bilər. Çünki heyət yenidir. Əcnəbi oyunçular bir-birini anlamaqda çətinlik çəkirlər. Komanda daxilində hələ də uyğunlaşma prosesi gedir.

Bu sözləri açıqlamasında “Sabah” basketbol klubunun kapitanı Fuad Niftəliyev FİBA Avropa Kubokundakı şansları barədə danışarkən deyib.

Təcrübəli basketbolçu bildirib ki, basketbolçular arasında zədəli olanlar var: “Əsas oyunçularımızdan biri barmağından zədələnib. Təlim-məşq toplanışının sonunda onun əvəzinə heyətə yeni oyunçu daxil oldu. Sözsüz ki, oyun zamanı hücum və müdafiədə də bəzi çatışmazlıqlar var idi. İnanıram ki, bu problemləri qısa müddətdə aradan qaldıra bilərik”.

Onun sözlərinə görə, komanda avrokuboklara hələ tam hazır deyil: “Qısa müddətdə daha yaxşı hazırlaşacağıq. Hələ 5 oyun keçirmişik. Amma əlavə bir neçə oyun keçirmək daha yaxşı olardı. Hazırlıq mərhələsinin əsas mənfi cəhətlərdən biri o oldu ki, çox az oynadıq. Halbuki avqust ayında toplaşmışıq. Bir oyunçumuz var ki, bizimlə cəmi 2 oyun keçirə bildi. Yeni basketbolçularımızdan biri zədələndi. Oyundan-oyuna heyət tez-tez dəyişirdi. Yəqin ki, məşqçinin əsas məqsədi oyunçuları yoxlamaq idi. Komandanın toparlanması üçün zaman lazımdır. Bilirəm, çox az vaxtımız qalıb. Amma inanıram ki, komandamız daha yaxşı oyun nümayiş etdirəcək”.

F. Niftəliyev qrupdakı əsas rəqiblərinin Rumıniyanın “Rapid” klubu olduğunu vurğulayıb: “Həmçinin Şimali Makedoniyanın “Rabotniçki” klubu da kifayət qədər iddialıdır. Hər üç oyun çətin olacaq, ona görə də yaxşı hazırlaşmaq lazımdır. Hesab edirəm ki, iki oyunda qalib gəlməyimiz bizim üçün ən yaxşı variant ola bilər. İstərdik ki, qrupu birinci yerdə bitirək”.

Xəbər 115 dəfə oxundu.