Azərbaycan parataekvondoçuları Qran-Pri turnirini üç medalla başa vurublar
Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-Pri turnirinə yekun vurulub.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış milli komandamız üçün uğurlu alınıb.

Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kiloqram, K-44) Azərbaycan Himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib.

Onun uğurunu İmaməddin Xəlilov (70 kiloqram, K-44) da təkrarlayıb. Təmsilçimiz bütün rəqiblərini məğlub edərək, yığmaya ikinci qızıl medalı qazandırıb. Milli komandanın aktivinə digər mükafatı Əbülfəz Abuzərli (80 kiloqram, K-44) yazdırıb. Parataekvondoçumuz bürünc medala yiyələnib.

Beləliklə, Qran-Priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub.

Qeyd edək ki, bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial 21 – 24 sentyabrda baş tutacaq.

Xəbər 125 dəfə oxundu.