Vaqif Sadıqov: “Qarabağ”ın “Molde” kimi komandalara qarşı oynamaq üçün kifayət qədər təcrübəsi var
“Qarabağ”ın çempionluğa iddialı “Sabah” klubu ilə oyununu izlədikdən sonra Avropa Liqasına necə hazırlaşdığını müəyyən etmək olar. Komandamız tam hazır vəziyyətdədir. Həmişə olduğu kimi, azarkeşlərimizi sevindirməyə çalışacaqlar.

Bu sözləri açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda Norveçin “Molde” klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

64 yaşlı funksioner Ağdam təmsilçisinin Norveç futboluna yaxından bələd olduğunu bildirib: “Qarabağ”ın ən böyük uğurları bu ölkəni təmsil edən komandalarla oyunlardan başlayıb. Xatırlayırsınızsa, komandamız 2009-cu ildə güclü “Rusenborq”u məğlub edərək Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanmışdı. Buna görə də rəqib nə qədər güclü olsa da, çempionumuzun özünəməxsus oyun taktikası, üslubu var. Son vaxtlar bu oyun üslubu “Qarabağ”ın müsbət nəticələr əldə etməsində böyük rol oynayıb. İnanıram ki, bu uğurların davamını “Molde” ilə matçda da görəcəyik”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, “Qarabağ”ın “Molde” kimi güc futboluna üstünlük verən komandalara qarşı oynamaq üçün kifayət qədər təcrübəsi var: “Komandamız Skandinaviya ölkələrinin ən güclü klubları ilə layiqincə mübarizə aparıb. Odur ki, “Molde”nin güc futboluna üstünlük verməsi futbolçularımız üçün heç bir təhlükə yaratmayacaq. Ölkə çempionumuz hər zaman müasir futbola cavab verən futbol nümayiş etdirib. Elə bu amil azarkeşlərdə də həmişə “Qarabağ”ın oyunlarına maraq yaranmasına təsir göstərib”.

“Qarabağ”ın qrupdakı şanslarını da dəyərləndirən V. Sadıqov Almaniyanın “Bayer” klubunun aşkar favorit olduğunu vurğulayıb: “Buna baxmayaraq, Almaniya klublarına qarşı mübarizəmiz həmişə maraqlı olub. “Bayer” son turda Bundesliqada güclü “Bavariya” ilə qarşılaşmada heç-heçə edib. Bu da Komandamızın necə çətin rəqiblə üz-üzə olduğunu göstərir. “Qarabağ”ın belə iddialı komanda ilə oyununu izləmək çox maraqlı olacaq, həmçinin azarkeşləri həyəcanlandıracaq. Komandamıza uğurlar arzu edirəm. Hansı ölkənin klubu ilə üz-üzə gəlməyimizin fərqi yoxdur. Ən vacibi odur ki, “Qarabağ”ın keyfiyyətli oyunu gələcəyə nikbin baxmağa əsas verir”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Xəbər 77 dəfə oxundu.