Taekvondoçularımız beynəlxalq turniri 12 medalla başa vurublar
Gürcüstanda taekvondo üzrə “Batumi Açıq” turniri başa çatıb.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, idmançılarımız beynəlxalq yarışda 12 medal qazanıblar.

Masallı Regional Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüyə yüksəlib. Pünhan Heydərli (33 kiloqram) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kiloqram) ikinci, Murad Cahangirov (41 kiloqram) üçüncü yeri tutub.

“Alpman” klubu ölkəmizə 3 qızıl və 2 bürünc medalla dönüb. Komandada uşaqlar arasında Sübhan Rzayev (30 kiloqram), yeniyetmələrdə Aziza Məmmədova və Səidə Həsənova (47 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kiloqram, uşaqlar) ilə Orxan Ağazadə (41 kiloqram) bürünc medalla kifayətləniblər.

“Alov” klubundan Günər Kərimli (27 kiloqram, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kiloqram, yeniyetmə) üçüncü pillədə qərarlaşıb.

Digər medallarımızı "Azəri" klubundan İbrahim Qədimov (54 kiloqram), Ülvi Məmmədov (36 kiloqram) əldə edib. Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.

Beləliklə, 3 yaş qrupu üzrə klublarımız 5 qızıl, 3 gümüş və 4 bürünc medalla Vətənə dönüblər.

Xəbər 126 dəfə oxundu.