Azərbaycan Premyer Liqasında cari mövsümün azarkeş rekordu qeydə alınıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turu iki rekordla əlamətdar olub.

Üç gün ərzində keçirilən 5 oyunda ümumilikdə 10 950 tamaşaçı qeydə alınıb.

Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici 8 700 azarkeşin izlədiyi IV tura təsadüf edib.

Yeni rekorda son oyun günündə keçirilən matçlar səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4 500, “Turan Tovuz” – “Qəbələ” matçını 4 000 izləyici seyr edib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1 500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) qarşılaşmalarında ümumilikdə 2 450 tamaşaçı qeydə alınıb

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4 500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda keçirilmiş qarşılaşmasında 4 300 seyrçi olub.

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42 381 tamaşaçı izləyib. Orta göstərici 1 461-ə bərabərdir.

Xəbər 92 dəfə oxundu.