“Araz Naxçıvan”ın futbolçusu: “Neftçi” komandasından çəkinmirik
Bu şənbə çətin oyunumuz olduğunu bilirik. Rəqibimizi yaxşı tanıyırıq, keyfiyyətinə bələdik. Ona görə də həftəmiz iş baxımından məhsuldar keçib. “Neftçi” ilə matça konsentrasiya olmuşuq.

Bu sözləri “Araz-Naxçıvan” komandasının müdafiəçisi İqor Ribeyro Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyunla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyalı müdafiəçi milli komandaların matçları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etməyə çalışdıqlarını bildirib: “Komandamız gec yığışdığına görə təlim-məşq toplanışı keçirməmişdi. Millinin oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etdik, həm yaxşı məşqlər keçdik, həm də yoxlama oyununda gücümüzü sınadıq. Məşqçilər korpusu bir daha çatışmazlıqları gördü”.

26 yaşlı oyunçu komandada əhvali-ruhiyyənin yaxşı olduğunu vurğulayıb: “Atmosfer çox yaxşı və xoşdur. Belə olması bizim üçün vacibdir. Oyuna yaxşı hazırlaşmaq, tam olaraq istəniləni verməyimiz üçün bu atmosferə ehtiyacımız var”.

Müdafiəçi “Neftçi” ilə oyun öncəsi bir məqama xüsusi diqqət çəkib: “Əslində görüş 90 dəqiqə davam edir. Sonadək diqqətli olmalıyıq. “Qarabağ”la oyunun əlavə dəqiqələrində qol buraxmağımız bunu bir daha ortaya qoydu. Ancaq “Neftçi” ilə görüşün xüsusilə ilk 15 dəqiqəsində diqqətli olmalıyıq”.

İ.Ribeyro “Neftçi” komandasından çəkinmədiklərini əlavə edib: “Hər iki komanda meydana 11 futbolçu ilə çıxacaq. Diqqətimizi cəmləmişik, ciddi hazırlaşmışıq. Ümumiyyətlə, Premyer Liqa rəqabətli keçir. İstənilən komanda digərini büdrətmək gücündədir”.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

Xəbər 96 dəfə oxundu.